“Çeroki” qəbiləsi “Jeep”dən bəzi modellərin adlarını dəyişməyi tələb edib

01:20 24-02-2021 28

ABŞ-ın “Çeroki” hindu qəbiləsi “Jeep” şirkətindən “Çeroki” və “Qrand Çeroki” modellərinin adlarını dəyişməyi tələb edib.

Qəbilə rəhbəri kiçik Çak Hoskinin müvafiq tələbi “Car and Driver” nəşri tərəfindən yayımlanıb.

“Əminəm ki, bu xoş niyyətlə edilib, amma adımızı nəqliyyat vasitəsinin kənarına vurmaq bizə qarşı hörmət əlaməti deyil. Hörmətin ən yaxşı üsulu ölkədəki rolumuzu, tariximizi, mədəniyyətimizi və dilimizi öyrənmək, federal səviyyədə tanınmış tayfalarla mənalı bir dialoq aparmaqdır”, - deyə qəbilə başçısı bildirib.

“Jeep” şirkətindən verilən açıqlamada isə qeyd olunub ki, nəqliyyat vasitələrinə hindu qəbiləsinin adının verilməsi “yerli Amerika xalqlarına şərəf və şücaətlərinə görə ehtiram göstərmək” məqsədi daşıyıb.

Şirkət həmçinin qəbilə başçısı Çak Hoskinlə də dialoq aparmağa hazır olduqlarını bəyan edib.