Rusiyada Nikolu şoka salan “sürpriz”: Müavini onu devirmək istəyir? - VİDEO

14:20 30-04-2021 30

Rusiyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistin ona ünvanladığı sualdan şoka düşüb.

Bu barədə Ermənistan mətbuatı yazıb.

Belə ki, Rusiyanın “İzvestiya” nəşrinin müxbiri Nikol Paşinyana sual verərkən “müxalifət nümayəndələri baş nazir postuna sizin müavininiz Tiqran Avinyanı təklif edir” cümləsini işlədib. Sualı eşidən erməni baş nazir şoka düşüb. Lakin müxbir davam edərək Avinyanın baş nazir olacağı halda Rusiya ilə necə münasibət quracağı barədə sual ünvanlayıb.

Sualdan olduqca heyrətləndiyini gizlədə bilməyən Nİkol Paşinyan isə Tiqran Avinyanın onun müavini və siyasi komandasının üzvü olduğunu bildirib.

Rusiyalı müxbirin sualı isə həmçinin Ermənistan ictimaiyyətində böyük rezonans doğurub. Bir sıra sosial şəbəkə istifadəçiləri rusiyalı müxbirin bu cür məlumatı haradan almasına təəccüb edib, bəziləri isə bunu təxribat adlandırıb.

“İzvestiya” müxbirinin sualı isə həmçinin Nikol Paşinyanın öz komandasında belə dayaqlarının zəif olmasının bir növ təzahürü hesab edilə bilər. Belə ki, üçtərəfli bəyanatın imzalanmasından sonra onsuzda bir çox tərəfdarlarını itirmiş Nikol Paşinyana növbəti zərbənin məhz öz müavini tərəfindən vurulması heç də istisna deyil.

Sözügedən fakt bir çox suallar doğursa da, yəqin ki, hazırda ən çox cavabsız suallar da elə məhz Nikol Paşinyandadır. Seçkidə qalib gəlmək üçün öz siyasi rəqiblərinə qarşı erməni KİV-nin dili ilə desək “terror”a başlayan Nikol, bəlkə də, son dəqiqədə elə öz sağ əlinin – müavini Tiqran Avinyanın vasitəsilə tarix səhifəsindən silinəcək.

Orxan Tağıyev