Dövlət Agentliyi Tural Alışanlının qardaşının iddialarına cavab verdi – FOTO

19:00 15-07-2021 24

Hazırda həbsdə olan Tural Alışanlının qardaşı Ülvi Alışanlı sosial şəbəkə səhifələrindən birində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanına təhqiredici ifadələr işlədib, qardaşının cinayət əməlini ört-basdır etmək üçün yalan, uydurma açıqlama verib.

HerGun.Az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin “Facebook” səhifəsində paylaşım edilib. 

Paylaşımda T.Alışanlının cinayət işi haqqında ətraflı məlumat verilib və iddialara cavab səsləndirilib:

"Bununla bağlı bir daha bildiririk ki, Tural Alışanlı şəhid ailələri və müharibə əlillərinə fərdi evlərin tikintisi üçün ayrılan dövlət vəsaitini mənimsədiyinə görə həbs edilib.

Belə ki, Hesablama Palatasının audit yoxlaması nəticəsində müəyyən olunmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Tua-TT” MMC arasında 19 iyul 2016-cı il tarixdə  bağlanmış müqavilədə nəzərdə tutulan tikinti işləri podratçı T.Alışanlı tərəfindən yerinə yetirilməyib. Bu barədə ona dəfələrlə şifahi xəbərdarlıq edilmiş, ya icra olunmamış işlərin yekunlaşdırılması, ya da şəhid ailələri və qazilər üçün nəzərdə tutulan vəsaitin dövlət büdcəsinə geri ödənilməsi istənilib.

Lakin verilən müddətə, şifahi xəbərdarlıqlara baxmayaraq, Alışanlı vəsaiti dövlət büdcəsinə geri qaytarmadığına görə, 2019-cu ildə bu barədə materiallar hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. 

İstintaqla müəyyən edilmişdir ki, Tural Alışanlı qardaşı Ülvi Alışanlının adından 24 avqust 2012-ci ildə “TUA TT” MMC yaradıb. Öz qulluq mövqeyindən istifadə edərək dövlət vəsaitini talama məqsədi ilə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarında şəhid ailələri və müharibə əlilləri üçün ümumilikdə 13 ədəd 3 otaqlı fərdi evlərin tikintisi ilə bağlı tenderdə iştirak edib.

Tenderdə həmin evləri 893 min manata tikməklə bağlı təklifi ilə qalib elan edilmiş, Nazirliklə “TUA TT” MMC arasında bağlanmış 19 iyul 2016-cu il tarixli müqavilə üzrə 16 ay müddətinə həmin işlərin yerinə yetirilməsi öhdəliyi götürmüşdür. Lakin ona ödənilən 893 min manat dövlət büdcəsi vəsaitinin az bir hissəsini fərdi evlərin tikilməsinə xərclənib. 

İstintaq zamanı müəyyən edilib ki, Masallı rayonunda 2 ədəd 3 otaqlı, Lənkəran rayonunda 4 ədəd 3 otaqlı, Astara rayonunda 2 ədəd 3 otaqlı, Lerik rayonunda 4 ədəd 3 otaqlı və Yardımlı rayonunda 1 ədəd 3 otaqlı olmaqla, ümumilikdə 13 ədəd 3 otaqlı fərdi yaşayış evlərinin təmir tikinti işlərinin başa çatdırılması üçün 515 min manat məbləğində vəsait tələb olunur. 

Bununla bağlı Alışanlı Tural Asif oğlunun Cinayət Məcəlləsinin 179.4 (Mənimsəmə və ya israf etmə) və 308.2-ci maddəsində (Vəzifə səlahiyyətlərindən sui-istifadə) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinib və cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq araşdırılması üçün iş məhkəməyə göndərilib. 

Beləliklə, şəhid ailələri və müharibə əlillərinə yönələn vəsaiti mənimsədiyinə görə, o, haqlı olaraq cəzasını çəkməkdədir.

Təəssüflə qeyd edirik ki, bu mövzuda dəfələrlə açıqlama verilməsinə baxmayaraq, bəzi sosial şəbəkə səhifələrində həssas kateqoriyadan olan şəhid ailələri və qazilərin vəsaitini oğurlayan saxtakar yenə də müdafiə olunur, həqiqət gizlədilir. Bu isə bu kampaniyanı aparanların əsl xislətinin əyani göstəricisidir.

Fotolar tikintisi T. Alışanlı tərəfindən yarımçıq saxlanılan şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan tikililər və boş qalan sahələrdə çəkilib".