“Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsini elan edildi - FOTO

13:40 17-07-2021 47

“Azərxalça” ASC qələbə mövzusunda hazırlanmış “Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsini elan edir.

HerGun.Az xəbər verir ki, “Zəfər” kolleksiyasının bir parçası olmaq, qələbəyə həsr olunmuş əsərlərini bizimlə paylaşmaq və ən əsası “Azərxalça” ASC-də çalışmaq istəyən bütün gəncləri müsabiqədə iştirak etməyə dəvət edirik.

“Azərxalça” ASC ölkəmizin müharibədə əldə etdiyi möhtəşəm qələbəni özünün “Zəfər” kolleksiyası ilə qeyd edəcək. Kolleksiyanın hazırlanması isə gənclərə həvalə ediləcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər [email protected] ünvana portfolio (15 foto) və “Zəfər” kolleksiyasına aid eskizlər (3 foto) göndərməli, mövzu olaraq isə, üzərində “Zəfər” mövzusunda təsvir olan xalça və ya xalça məmulatı modelləşdirmək, hər hansı səhnənin təsviri, milli xalça detallarından qaynaqlanan abstraksiyalar və s. olmalıdır.

Yaş həddi 21-35 olmalı, 10.08.2021 qeydiyyat üçün son tarixdir.

Müsabiqədə qeyd olunan yaş aralığına aid rəssamlar, dizaynerlər, xalçaçı rəssamlar və s. iştirak edə bilərlər. Seçilmiş 20 nəfər ən yaxşı müsabiqə iştirakçısının işlərini münsiflər heyəti müəyyən edəcək.

Seçilmiş gənclər bir ay ərzində “Azərxalça” ASC emalatxanalarında həm yerli, həm də xarici mütəxəssislər tərəfindən təlimə cəlb olunacaqlar. Təlimlərdə ən yaxşı nəticə göstərən üç gənc müsabiqənin sonunda mükafatlandırılacaq.

İlk yerin sahibi “Azərxalça” ASC-də rəsmi işə başlayacaq. Digər iki gənc müəssisə ilə daimi əməkdaşlıq edəcək.

Təlim iştirakçılarının ən bəyənilən eskizləri “Zəfər” kolleksiyasının hazırlanmasında istifadə olunacaq.