Ailəsi tərəfindən atılandan sonra narkotikə qurşanan qadın: “Söyüş söydüyü üçün bıçaqladım” - FOTO

12:00 08-09-2021 669

“Ona sus dedim, sözünü geri al dedim, amma məni dinləmədi. Heç ağlımda yox idi onu öldürmək. Amma mənə pis söyüş söydü, mən də bıçaqladım. Amma hamı şahiddir ki, sözünü geri götürməsini dəfələrlə tələb etdim”.

Cəmiyyətdə maarifləndirmə tədbirlərinə dəstək olmaq məqsədilə HerGun.Az-ın əməkdaşları narkotik bəlası səbəbindən həyatları məhv olmuş insanlarla həmsöhbət olub. Yolumuz 4 Saylı Qadın Cəzaçəkmə Müəssisəsinədir.

1995-ci il təvəllüdlü Ramazanova Səringül Qusar rayonunda anadan olub. Ailədə 3 övlad olan Səringülün əkiz bacısı var. Lakin, ailə imkansızlıqdan əkizlərdən birini, yəni Səringülü uşaq evinə verib. Səkkiz yaşına qədər uşaq evində qalan Səringülü atası doqquz yaşında uşaq evindən götürür. Hər şey elə bundan sonra başlayır.

Üç uşaqdan biri kimi ailəmə ağır gəlmişəm...

Uşaqlığı ailəsinin onu hansı səbəbdən uşaq evinə atmalarını düşünməklə keçən Səringül başına gələn bədbəxt hadisələrdə valideynlərini günahlandır:

“Bacım qardaşım ailəmlə böyüdü. Onlar ana-ata sevgisinə doyduğu qədər mən ac qaldım. Hələ də o suala cavab tapa bilmirəm. 8 il uşaq evində qaldıqdan sonra atam məni götürdü. Sevinirdim ki, bu zülm bitdi, amma elə həmin il atamı itirdim. 9 yaşımdan məni əmimgil saxlamağa başladı. Əmimgil mənə yaxşı davranmırdı. Sən demə əziyyət hələ indi başlayırmış. Anama da çox sual verdim ki, niyə məhz məni atdınız? Günahım nə idi? Hər dəfə verilən cavab imkansızlıq olub. İmkan yox idisə, hər üçümüzü qoyardılar, elə bir mən ailəmə ağır gəlmişəm? Bu ögey münasibətə, əzab-əziyyətə dözə bilmirdim. Qaranlıq otağa salıb ac-susuz saxlayırdılar. 15 yaşımda əmimgildən qaçdım”. 

Səringül evdən qaçdıqdan sonra özü-özünə baxmaq üçün əvvəlcə iş axtarır. Daha sonra küçələrdə insanların ona qarşı birmənalı olmayan münasibətlərindən özünü qorumaq üçün idmanla məşğul olmağa qərar verir. Dediyinə görə, idmanda uğur qazanıb:

“Kiçik kafelərdə ofisiant kimi çalışırdım. Sumqayıtda saatı 1 manatlıq gecəqondularda qalırdım. Pulum az çıxsın deyə gecə saatlarına qədər işləyirdim ki, 2-3 saat yatım, pulum özümə qalsın. Çörək pulumu zorla qazanırdım. Uzun müddət əziyyət çəkdim, amma sonra özüm kiçik çayxana götürüb işlətməyə başladım. Digər tərəfdən də idmanla məşğul olduğum üçün gəlirim yaxşılaşdı və özümə qalmaq üçün bir otaq tutdum. Qaydasız döyüş, qaçış və karate ilə məşğul olurdum. Hər birindən məşqçilərim məni Türkiyəyə və bir çox ölkələrə yarışlara göndərirdi. Hətta ermənini məğlub etmişəm. Pul qazandıqca idman yoldaşlarım kömək etdi, özümə ev aldım”.

Səringül deyir ki, həyatını qaydasına saldıqca anası və bacısı ilə münasibətləri də düzəlirdi. Lakin, narkotik vasitədən istifadə etdiyi an hər şey yenidən alt-üst olmağa başladı.

Bilmədim narkotik məni bu dörd divarın içinə qədər gətirər...

“Çayxanada işləyən zaman iş yoldaşlarım mənə dərman əvəzi narkotik verdi. Bərk xəstələnmişdim, bədənim ağrıyırdı. Dedim mənə ağrıkəsici alın, onlar isə narkotik həb verdilər. İlk dəfə belə qəbul etdim. Amma çox sonra bildim ki, bu, normal ağrıkəsici deyilmiş. Narkotik istifadə etdiyimi öyrənəndə bacım, anam, əmim hamısı yenidən məndən uzaqlaşdı. Beş il yalnız nəşə və narkotik həblərdən istifadə etdim. Daha sonra “kakos” kimi tanınan narkotik vasitənin dadına baxdım. Ətrafımda qızlar var idi ki, iynə vururdular. 

Mən heç vaxt iynə vurmadım, ancaq dərman qəbul edirdim. Alüdəçisi olduqdan sonra bədənim tələb edirdi. Pulum olmurdu almağa, elə olurdu ki, yalvarırdım ətrafımdakılara. Elə olurdu ki, kimdəsə narkotik həblərin 1 listini 20-30 manata tapırdım. Elə olurdu ki, 50 manata qədər qiyməti qaldırırdılar. Almaq üçün kirayə qaldığım evdən əşya satırdım, telefonumu satdım. İşlədiyim obyektdən pul götürürdüm ki, narkotik alırdım. Çalışırdım ki, tərgidim, amma olmurdu”, - deyir həmsöhbətimiz.

20 yaşında narkotik maddənin təsiri altında cinayət işləyir... 

2015-ci il oktyabr ayının 10-u Səringülün yaddaşından heç çıxmır. O deyir ki, işlətdiyi çayxanada dərman qəbul etmişdi və hər şey gələn müştərilərdən birinin onu təhqir etməsi ilə başladı:

“Həmişəki kimi müştərilər gəlib-gedirdi. Bir neçə nəfər gəldi, oturdular, yeyib-içdikdən sonra başladılar söyüş söyüb, təhqir etməyə. Neçə dəfə yaxınlaşdım dedim söyüş söymə, təhqir etmə. Ona “sus, sözünü geri al” dedim, amma məni dinləmədi. Müdirə yaxınlaşdım, “müdaxilə et,  yoxsa mən cavabını verəcəm” dedim. Ağlımda öldürmək yox idi. Dərman mənim başımı elə apardı ki, bilmədim ki, necə oldu. Bir bıçaq zərbəsi vurdum. Ailəsinə vəziyyəti izah etsəm də, şikayətçi oldular. Sonra da həbs olundum”.

Səringül törətdiyi cinayətə görə artıq altı ildir dəmir barmaqlıqlar arasındadır. Deyir ki, həbsxanaya düşəndə anası ilə bacısı görüşünə gəlib:

“Bir qadının yeri bura olmamalıdır. Mən çox peşmanam ki, dərman istifadə etmişəm. Ailəmi onsuz da itirmişdim, həyatımda əziyyətlə qazandığım hər şeyi də narkotik vasitələrə görə itirdim. Buna qədər həyatımda baş verənlərə görə ailəmi günahkar bilirdim. Amma bu hadisədə özüm günahkaram. Anamla bacımın görüşümə gəlməsinə həbsxana rəhbərliyi kömək etdi. Bura gəlmək üçün pulları yox idi. Cəzamı çəkirəm, buradan çıxacağım günü axtarıram. Həyatıma sıfırdan, yenidən başlayacam. Heç kim olmasa da, bilirəm ki, buradan çıxandan sonra gedəcəyim bir göz evim var. Zamanı geri qaytara bilsəydim, narkotik istifadə etməzdim. Kim deyir ki, bir dəfə dadına baxım atacam, etməsin. Sən onu atmaq istəsən də, narkotik sənin əcəlin olur, səni atmır...”.

Könül Cəfərli
FOTO: Firudin Səlimov