İranın Azərbaycan kampaniyası: Sətirlər arasında video, yük maşınları və Xətibzadənin “xütbəsi” – TƏHLİL

16:40 13-09-2021 29

Bir həftədir İranın Azərbaycana qarşı siyasətinin mətbuata daşınan ideoloji xətti haqqında yazı hazırlamaq istəyirdim, fikirlərimi izhar etməyi təxirə saldım.

İran mətbuatında çıxan bir yazı diqqətimi cəlb etmişdi, həmin materialda dünya müharibələrindən nümunələr gətirilir.

Təbliğat yoxsa bilgisizlik?

Məqalədə Qarabağ müharibəsindən də söz açılır, 1993-cü ildə yayımlanan reportaj da mətnin arasına yerləşdirilib. Videoya baxıram, kiçik araşdırma aparıram, görürəm ki, bu reportaj ermənilərin ən çox istifadə etdiyi, əllərində bayraq etdiyi fenomenə çevrilib. Nədi-nədi videoda ermənilərin məzlum və əzik obrazları yaradılıb, sanki etnik təmizləməyə məruz qalan azərbaycanlılar yox, məhz ermənilərdir.

Reportajdakı deyilənlərin qondarma əsasları, həqiqətə söykənmədiyi və zəhərli erməni ideoloji çalarları ilə zəngin olması bir yana, Xocalı soyqırımı barədə bir kəlmə də danışılmır.

Bu barədə çıxan yazını ictimailəşdirmək niyyətində deyildim. Səbəblərini izah edim.

Birincisi, düşünürdüm ki, məlumat ola bilsin şəxsi düşüncələrə söykənir.

İkincisi, məqalənin İranın üçüncü, dördüncü dərəcəli mətbuatında yayımlanmasının (Tabnak) onun əhəmiyyət dərəcəsini aşağı saldığını fikirləşirdim.

Ta o zamana qədər ki, növbəti dəfə İran yük maşınlarının Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərə nələrsə daşımasına dair növbəti videogörüntülər ortaya çıxdı.

Artıq bir şeyə əminliyimiz artır ki, İran Azərbaycana qarşı mövqeyini müxtəlif vasitə və üsullarla dilə gətirir, bunu aşkar bildirməkdən belə çəkinmir.

Şübhəsiz ki, kampaniya bir neçə istiqamətdən aparılır və vahid mərkəzdən idarə olunur, bu da İranın radikal dini-siyasi-hərbi dairələridir.

Bəzən əməldə, bəzən də ideoloji platformada aparılan iş Tehranın ümumi amalını nümayiş etdirir. Məsələn, İrana məxsus yük avtomobillərinin ərazilərimizə qeyri-qanuni girişi aşkar şəkildə nümayiş etdirilir, hərçənd ki, Azərbaycan polisinin Gorus-Qafan yolunda xidmətə başlaması ilə İrandan gələn avtomobillərin yoxlanıldığı da bildirilir.

İranın Azərbaycana qarşı digər cəbhəsi mətbuatdır.

Niyə “Tabnak”?

İlk baxışda “Tabnak” informasiya agentliyi ilə bağlı dediklərimiz primitiv və diletant görünə bilərdi, lakin, araşdırdıqda bəzi məqamları tutuşdurub nəticə hasil etməyə cəhd göstərsək, o zaman dəlilimiz inandırıcı olacaq. Bir məlumatı xatırladaq.

Məlumatlara əsasən, “Tabnak” 2002-ci ildə Möhsün Rezayi tərəfindən təsis edilib. Rezayi adı ilk baxışda sizə heç nə deməyə bilər, lakin...

Rezayi SEPAH-ın keçmiş komandanıdır, İbrahim Rəisi hakimiyyətə gəldikdən sonra isə onu da kənarda qoymayıb. Rezayi hazırda İran Prezidentinin iqtisadi məsələlər üzrə vitse-prezidentidir.

Rezayinin “Tabnak”la bağlarının qopmasını söyləmək çətindir, nəzərə alaq ki, “Tabnak”da Rezayinin tərcümeyi-halı da yerləşdirilib. Redaksiya məqalələrinin Rezayinin süzgəcindən keçib-keçmədiyini deyə bilmərik, lakin agentliyin istehsal etdiyi beyin məhsullarının ümumi ruhu Rezayi ilə koordinasiya edilməməsini söyləsək, sadəlövh davranmış olarıq.

Gəldiyimiz nəticə: O video sətirlər arasına məqsədli şəkildə yerləşdirilib. 

Nəysə, bunu da keçdik, bu arqumentimizi də hörmətli iranpərəstlər görməzdən gələrlər, bizi ənənəvi leksikonları ilə sionizm tərəfdarı kimi qələmə verərlər, kampaniya başladarlar.

Olsun, buna da öyrəncəliyik, ona görə də keçək İranın digər cəbhədən həmləsi barədə danışmağa.

Azərbaycan-Türkiyə xüsusi təyinatlı dəniz piyadalarının Xəzərdəki məşqi Tehranı qıcıqlandırır

İran ümumiyyətlə, Azərbaycanın Vətən müharibəsində qələbə qazanmasından sonra Ermənistanla yeni sərhəd zolağı yaratmasından narahatlıq keçirir. Tehranın narahatlığının qayəsi bundan ibarətdir, detallı izahı isə gələcək yazılarımızda verə bilərik.

Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini də İran həssaslıqla izləyir. Təlimlərə Azərbaycan və Türkiyə qoşun növlərinin elitası sayılan hərbi dəniz qüvvələrinin xüsusi təyinatlılarının cəlb edilməsi isə Tehranın emosiyalarını coşdurub.

Nə var ki, sualtı hücum və sualtı müdafiə məşqləri Xəzər dənizinin Azərbaycan ərazisində keçirilib, İran isə bundan qorxuya düşüb.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bildirib ki, Xəzəryanı ölkələrdən savayı digər ölkələrin Xəzər dənizində hərbi varlığı qanunsuzdur.

Xub! Amma cənab Xətibzadə, bir sual verək, dəniz piyadaları təlimi harada keçməli idilər? Hansısa su anbarındamı və ya gölməçədəmi? Xeyr, Azərbaycan öz ərazi sularında təlim keçirə bilər, bu isə Türkiyənin Xəzərdə hərbi varlığı demək deyil.

Əslində, Xəzər dənizi məsələsi İran üçün bəhanədir, Xətibzadənin açıqlaması dərinləşən Azərbaycan-Türkiyə əməkdaşlığının Tehranda yaratdığı narahatlığının bəyanıdır.

Əlavə arqument

Cənab Xətibzadə, digər arqumentimizi də səsləndirək. Şuşa Bəyannaməsinə diqqət yetirək:

“Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq. Bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər”.

Ərazi bütövlüyü, suverenlik isə təkcə quru sərhədləri anlayışını özündə ehtiva etmir, bura dəniz sərhədləri də daxildir. Dəniz sərhədlərinin müdafiəsini gücləndirmək isə təlimlərdən keçir, Azərbaycan dəniz qüvvələrini modernləşdirmək hüququnu özündə saxlayır. 

Hə, İranın ehtiyat etdiyi məsələlərin rəngi getdikcə tündləşir, cənab Xətibzadənin açıqlaması həm də o zamana təsadüf etdi ki, Azərbaycan polisi Gorus-Qafan yolunda post qurub.

Gorus-Qafan yolu İran-Ermənistan quru yoludur, bu yolun 21 kilometri Azərbaycanın ərazisindən keçir. Tehran isə həzm edə bilmir: “Axı bizim yük maşınlarını Azərbaycan niyə yoxlayır, niyə bizdən rüsum alırlar?”. Açıq deyilməsə də, narahatlıqlarında bu elementləri görmək elə də çətin deyil.

Aqşin Kərimov