Dövlət qurumlarının neçə əməkdaşı Vətən müharibəsində iştirak edib? - SORĞU

11:20 08-10-2021 29

44 günlük Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. 2020-ci il sentyabrın 27-də başlayan müharibə nəticəsində 30 illik həsrətə son verildi və Azərbaycan öz doğma torpaqlarına qovuşdu. 

Bizim torpaqlarımızın mənfur düşməndən azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçdilər.

Müharibədə dövlət qurumlarının da əməkdaşları iştirak edib.

HerGun.Az olaraq, dövlət qurumları arasında nə qədər əməkdaşın müharibədə iştirak etdiyi barədə sorğu keçirdik.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib ki, Müzəffər Ali Baş Komandan, İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində ETSN-in və Nazirliyin müxtəlif strukturlarının ümumilikdə 88 əməkdaşı iştirak edib:

“Onlardan ikisi hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olub. Şəhidlərimiz Gəncə və Ağcabədi zonasındandır. Nazirliyin əməkdaşları arasında 30 qazi var”.

Qeyd edək ki, İ.İbrahimovanın oğlu da 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, dövlət başçısının 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq səfərbərlik çərçivəsində nazirliyin müxtəlif vəzifələrdə çalışan 100 əməkdaş Vətən müharibəsinə qatılıb:

“Əməkdaşların ailə üzvlərindən 129 nəfər Vətən müharibəsində iştirak edib. Nazirlik üzrə 11 əməkdaşın ailə üzvləri Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. Vətən müharibəsində iştirak edən Nazirlik əməkdaşlarından 73 nəfəri Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü” və digər medallarla təltif olunublar. Onlardan bir qismi hətta 2- 3 medala, bir nəfəri isə 5 medala (Sahil Həsənli, Sumqayıt Reabilitasiya Mərkəzinin operatoru) layiq görülüb”.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib ki, Vətən müharibəsində ön sıralarda Komitənin 60 əməkdaşı vuruşub:

“Qəhrəmancasına döyüşən əməkdaşlarımızdan 9 qazimiz var. Təəssüf ki, əməkdaşlarımızdan biri - Ülvi Hacıyev şəhid olub. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, Vətən müharibəsində qurumun 188 əməkdaşı hərbçi kimi döyüşüb:

“21 əməkdaşımız isə nəqliyyat və xüsusi texnikalar müharibə bölgəsində çalışıb. Qurumun Vətən müharibəsində iştirak edən əməkdaşlarından 3 nəfər şəhid olub. 21 əməkdaşımızın isə ailə üzvləri arasında Vətən müharibəsində şəhid olanlar var”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğalçı Ermənistana qarşı apardığı “Dəmir yumruq” əks-həmlə hərbi əməliyyatında - Vətən müharibəsində ön cəbhədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müxtəlif strukturlarının 14 əməkdaşı iştirak edib:

“Arxa cəbhədə isə ümumilikdə 1 862 əməkdaş birgə çalışıb. Müharibə iştirakçılarından bir nəfər yaralanıb. Komitə onları hər zaman diqqətdə saxlayır, torpaqlarımızın işğaldan azad olunması üçün göstərdikləri fədakarlığa görə hər birinə minnətdarlıq bildirilib.

Hazırda Dövlət Komitəsində və onun tabeliyində olan strukturlarda ümumilikdə, 1 395 məcburi köçkün, 43 şəhid ailəsi üzvü, 20 müharibə əlili və 114 müharibə veteranı daimi işlə təmin edilib”.

“Azəriqaz” İstehsalat Birliyindən isə bildirilib ki, 153 əməkdaşı 44 günlük Vətən müharibəsində ön cəbhədə vuruşub:

“Onlardan üç nəfər öz təşəbbüsü ilə işdən ayrılıb, qalan 150 nəfər isə bu günə qədər çalışır. Müharibədə iştirak edən əməkdaşlarımız arasında şəhid olan yoxdur”.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevin sözlərinə görə, Vətən müharibəsində yaralanan, habelə xərçəng xəstəliyindən əziyyət çəkən qazimiz Ağayev Qəzənfər Mahmud oğlu “YAŞAT” Fondu tərəfindən 26 sentyabr 2021-ci il tarixində Türkiyə Respublikasına göndərilib:

“Müayinələrin nəticəsinə əsasən həkimlər tərəfindən ölkəmizdə aparılan müalicənin effektiv nəticə verməsi bildirilmiş, hazırda onda xərçəng hüceyrələri aşkar edilmədiyi barədə rəy verilib. Eyni zamanda, şəxs dərman vasitələri ilə də təmin edilib. Xəstəliyin yenidən yaranıb-yaranmamasını yoxlamaq məqsədi ilə 4 ay sonra müayinə edilməsi üçün Türkiyəyə göndərilməsi məqsədəuyğun görülüb.

Fərmanla “YAŞAT” Fondu şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində işlər görür.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir”.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, Vətən müharibəsində qurumun 67 əməkdaşı iştirak edib:

“İştirak edən əməkdaşlardan 11 nəfər qazidir. Daha 4 əməkdaşımızın isə övladları Vətən müharibəsi şəhididir”.

“Azərişıq” ASC-dən isə qeyd edilib ki, 300-ə qədər əməkdaşı 44 günlük Vətən müharibəsində iştirak edib:

“Əməkdaşlarımız könüllü olaraq torpaqlarımızın azad olunmasına uğrunda gedən döyüşlərdə iştirak ediblər. Onlardan altı nəfər şəhidlik zirvəsinə ucalıb, 23 nəfər qazidir”.

Təhsil Nazirliyindən qeyd edilib ki, qurumun aparatı üzrə iki əməkdaş Vətən müharibəsində iştirak edib.

“Təhsil Nazirliyi tərəfindən 563 nəfər şəhid, hərbçi ailəsi üzvləri, Vətən müharibəsi əlilləri və iştirakçıları təhsil müəssisələrində işlə təmin olunub. Bunlardan 37 nəfəri şəhidin yaxın qohumları, 241 nəfərini isə şəhid ailə üzvləri təşkil edir”.

Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində Dövlət Sərhəd Xidməti 47 şəhid verib:

“Dövlət Sərhəd Xidməti birləşmələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunması döyüşlərində iştirak etmiş və qəhrəmanlıq nümunələri göstərmiş, sərhədçilər Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağını sancmışlar. Döyüş əməliyyatlarında Dövlət Sərhəd Xidmətinin 205 hərbi qulluqçusu yaralanıb.

Ali Baş Komandan İlham Əliyevin 26 aprel tarixində Dövlət Sərhəd Xidmətinin Cəbrayıl rayonu ərazisində yeni hərbi hissəsinin açılış mərasimində “Sərhədçilərin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm!” deməsi, 24 sentyabr tarixində “Nasionalnaya Oborona” jurnalına müsahibəsində “Sərhəd qoşunlarının xüsusi təyinatlıları hərbi əməliyyatlarda, bir sıra yaşayış məntəqələrinin azad olunmasında çox fəal və səmərəli iştirak ediblər” söyləməsi Müzəffər Ali Baş Komandanın sərhədçilərə göstərdiyi ali etimadın ifadəsidir”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, Vətən müharibəsində hərbçilərlə çiyin-çiyinə nazirliyin 210 əməkdaşı iştirak edib:

“İştirakçılardan 15 nəfər qazi, altı nəfər isə şəhid olub. Allah bütün şəhidlərə rəhmət eləsin”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ümumilikdə, Dövlət Komitəsindən 6 əməkdaş Vətən müharibəsində iştirak edib:

“Əməkdaşlarımız Raman Dadaşov, Kamal Ələkbərbəyli, Turan Həsənzadə, Orxan Axundov, Cavid Məlikzadə, Rauf Quliyev Vətən müharibəsində iştirak edərək, tarixi Zəfərimizin qazanılmasına töhfələrini verib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə, Komitənin Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə 4 medalla – “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib ki, 44 günlük Vətən müharibəsi xeyirin şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsidir:

“Vətən müharibəsinin gedişi bir daha onu göstərdi ki, təhsil sisteminin yetişdirdiyi vətəndaş, ilk növbədə öz köklərinə və əzəli torpaqlarına bağlı, hər qarış torpaq üçün canından keçməyə hazır olan, milli mənsubiyyəti ilə fəxr edən, xalqının adət-ənənələrinə və mənəvi dəyərlərinə sadiq vətənpərvərdir.

Vətən müharibəsində paytaxtın 38 nəfər təhsil işçisi iştirak edib. Paytaxt məktəbləri məzunlarından 354 nəfəri şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında borclarını layiqincə yerinə yetirdilər.

Paytaxtın təhsil işçiləri Vətən müharibəsində Azərbaycan Ordusuna dəstək və qanvermə aksiyalarına da qoşulub, həmçinin informasiya müharibəsində iştirak edərək həqiqətlərin dünyaya çatdırılmasında əllərindən gələni əsirgəməyiblər.

Qeyd edək ki, Vətən müharibəsindən sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə qazi müəllimlərimizlə mütəmadi olaraq görüşlər keçirilir, Bakı məktəblərində təhsil alan şəhid övladlarına xüsusi layihə çərçivəsində qayğı göstərilir”.

O, qeyd edib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 27 sentyabr Anım Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib:

“İdarənin tabeliyindəki bütün məktəblərin iştirak etdiyi ağacəkmə aksiyasında  “Hər məktəbdə 44 ağac” devizi altında yeni yaşıllıq zolaqları salınıb, çoxsaylı ağaclar əkilib.

Azərbaycan müəllimi yalnız sinif otaqlarında deyil, döyüş meydanında da vətənpərvərlik dərsi keçərək, şagirdləri ilə çiyin-çiyinə vuruşaraq şanlı tariximizə müəllim imzasını atdı.

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi hər zaman ehtiramla yad edir, ruhları qarşısında baş əyir, qazilərimizə cansağlığı arzulayırıq”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin isə çağırış əsasında iki əməkdaşı Vətən müharibəsində ön cəbhədə vuruşub:

“Hər iki əməkdaş müharibədən sağ-salamat qayıdıb və vəzifə səlahiyyətlərinin icrasına davam edirlər”.

Mədəniyyət Nazirliyindən qeyd edilib ki, səkkiz əməkdaşı Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb:

“10 nəfər isə qazi var. Eyni zamanda, 2021-ci ilin 29 yanvar tarixindən 31 may tarixinə kimi Mədəniyyət Nazirliyi tərəfindən 75 şəhid və yaralanmış şəxsin ailə üzvü, I və II Qarabağ müharibələri iştirakçıları və onların ailə üzvləri mədəniyyət müəssisələrində işlə təmin edilib.  Onlardan 38 nəfər şəhidlərin ailə üzvü, 9 nəfər döyüşlərdə yaralan şəxs, 13 nəfər döyüşlərdə yaralananların ailə üzvü, 10 nəfər müharibə iştirakçısı, 5 nəfər isə müharibə iştirakçısının ailə üzvüdür. Onu da qeyd etmək istəyirik ki, işlə təmin olunanlar bundan əvvəl mədəniyyət sahəsində çalışmamış şəxslərdir”.

Bakı Nəqliyyat Agentliyi (BNA) cavabında qeyd edib ki, Vətən müharibəsi zamanı Agentliyin 19 əməkdaşı şanlı ordu sıralarında döyüşüb:

“Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edən, Dövlət başçısının Vətən müharibəsi iştirakçılarının işlə təmin olunması ilə bağlı tapşırığına əsasən 4 nəfər Bakı Nəqliyyat Agentliyinin mərkəzi aparatında və tabeli qurumlarında işlə təmin edilib. Vətən müharibəsi iştirakçısı olan əməkdaşlarımız cənab Prezidentin müvafiq sərəncamları ilə müxtəlif orden və medallarla təltif edilib”.

İlhamə Əbülfət, Könül Cəfərli