İrəvanı intihara sürükləyən üç amil: Ermənistanı dəfələrlə məğlub edən kapitulyant damğası - TƏHLİL

15:00 10-11-2021 437

10 noyabr 2020-ci il tarixi Cənubi Qafqaz tarixində yeni dövrün başlanğıcıdır. Bu tarix uzun illər regionumuzda hökm sürən ədalətsizliyə son qoyulduğu, ikili standartlar və beynəlxalq ictimaiyyətin laqeydliyi fonunda getdikcə azğınlaşan təcavüzkarın cəzalandırıldığı və məkrli iddialarından əl çəkməyə məcbur edildiyi əlamətdar bir tarixdir.

Məhz bu tarixdə Azərbaycanın haqq savaşı – 44 günlük Vətən müharibəsi dövlətimizin və xalqımızın mütləq qələbəsi ilə nəticələndi, Ermənistan diz çökərək kapitulyasiya aktına imzasını atdı.

Lakin Ermənistanın kapitulyant dövlət adını üzərinə götürməsi heç də könüllü əsaslarla olmadı. Bunun üçün Azərbaycan dövləti, onun lideri İlham Əliyev və xalqımız tarixinin ən uğurlu mübarizələrindən birini apardı.

Kapitulyasiyaya aparan yol bir sıra uzun mərhələlərdən keçdi:

Beynəlxalq “laqeydlik” və təcavüzkarın himayəsi

Sirr deyil ki, Azərbaycan dövləti hər zaman öz torpaqlarını azad etməyə hazır olduğunu bəyan edib. Lakin bununla belə humanizm prinsiplərini rəhbər tutan dövlətimiz regiona əbədi sülhün gəlməsi üçün siyasi danışıqlardan da geri durmayıb. Uzun illər Azərbaycan danışıqlar yolu ilə, qan tökülmədən problem həll etməyə çalışsa da, təcavüzkar Ermənistan bu fürsətdən yararlanmaq əvəzinə, öz iddialarını artırmaq, yeni cəfəng fikirləri dünyaya tirajlamaqla məşğul olub.

Beynəlxalq təşkilatların səmərəsiz fəaliyyəti, təcavüzkarla təcavüzə məruz qalan dövlət arasında fərq qoyulmaması, Ermənistana verilən gizli hərbi-siyasi dəstək Qarabağdakı problemin həllinin 30 il uzanmasına səbəb olub. BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələri, ATƏT-in Minsk Qrupunun yarıtmaz mexanizmə çevrilməsi kimi amillər Ermənistanın status-kvonu saxlamaq üçün yürütdüyü taktikanı işlək vəziyyətə gətirib çıxardı. “Himayə” olunduğunu anlayan və bunu yeni “uğurlar” üçün alətə çevirmək istəyən Ermənistan “yeni ərazilər uğrunda yeni müharibə” kimi bir strategiyanın, təcavüz planının təsirinə qapıldı.

Öz yaratdığı miflərə inam və reallığın inkarı

Ermənistanı rüsvayçı məğlubiyyətə aparan əsas məqamlardan biri də öz yaratdığı mifləri bir müddətdən sonra reallıq olaraq qəbul edərək, mövcud həqiqətlərə etinasız yanaşması oldu. Belə ki, “qüdrətli”, “yenilməz” Ermənistan haqqında əfsanələr uzun illər dövlət səviyyəsində xalqa təlqin olundu. İş o yerə gəlib çatdı ki, bu məqam onsuz da Azərbaycanla heç bir sahədə başa-baş gələ biləcək səviyyədə olmayan İrəvan üçün növbəti zəif nöqtəyə çevrildi. Uydurma miflərin əsirinə çevrilən Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın real imkanlarını düzgün qiymətləndirmədi. Çünki real təhlil və araşdırmalar Azərbaycanın 90-cı illərin Qarabağ müharibəsindən ötən 30 ilə yaxın dövrdə Ermənistandan dəfələrlə güclü bir dövlət kimi inkişaf etdiyini ortaya qoyurdu. Azərbaycanda həyata keçirilən uğurlu siyasi xətt, dövlət başçısı İlham Əliyevin öndərliyində hərtərəfli inkişafa yönələn strategiya, ordu quruculuğu sahəsində görülən işlər iki dövlət arasındakı güc balansını bu illər ərzində Azərbaycanın xeyrinə dəyişmişdi. Üstəlik bu nisbət hansısa bir amillə kompensasiya ediləcək bir həddə də deyildi. İlham Əliyevin liderlik etdiyi Azərbaycan bütün komponentlərdə istər Robert Koçaryanın, istər Serjik Sarkisyanın, istərsə də Nikol Paşinyanın Ermənistanını dəfələrlə üstələyirdi.

Bu vəziyyətdə isə hər hansı yeni iddialar irəli sürüb, hərbi ritorikanı sərtləşdirmək nəinki məqsədəuyğun deyil, hətta intihara bərabər olduğunu desək, yanılmarıq.

Ancaq Ermənistan dövlətinin əsaslandığı separatçı, radikal, mənfur təfəkkür miflərin reallıq üzərində qələbəsinə inanmağa davam etdi…

Tarixi səhv və tarixi dəyişən həmin an

Ermənistan dövlətinin və xalqının qapıldığı eyforiya, 30 illik işğalın əbədi olduğuna dair yaranan cəfəng fikirlər yeni təxribatlar üçün zəmin yaratdı. Ermənistan dövləti tarixinin ən böyük səhvinə imza ataraq, Azərbaycana qarşı növbəti hərbi təcavüzə cəhd göstərdi. 2020-ci ilin iyul ayında Tovuz istiqamətində Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən təxribat, ardınca sentyabrın sonunda dinc yaşayış məntəqələrinin şiddətli atəşə tutulması İrəvan üçün sözün əsl mənasında sonun başlanğıcına çevrildi.

27 sentyabr saat 09:10. Məhz bu anda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyanat verdi:

“Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib”.

Kapitulyasiya aktına aparan yolun ən mühüm hissəsi məhz sentyabrın 27-də başlayan və 44 gün ərzində davam edən müharibə idi. Döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi. Üstəlik məhv edilən təkcə erməni ordusu deyildi, Ermənistan dövlətinin, xalqının illərlə arxalandığı, hətta “intihara” cəhd etməsinin – növbəti hərbi təcavüz cəhdinin arxasında dayanan miflər də darmadağın oldu. “Yenilməz” orduya diz çökdürüldü, “qüdrətli” Ermənistan “Dəmir yumruq”la kapitulyant damğasını üzərinə götürməyə məcbur edildi.

Azərbaycan ordusu 27 sentyabrdan başlayaraq bir addım belə geri çəkilmədən tarixi ədaləti, öz ərazi bütövlüyünü bərpa etdi, döyüş meydanında yerlə-yeksan edilən “erməni sədləri”nin altında təkcə separatçı ünsürlər deyil, həm də ermənilərin şüurunda xəstəliyə çevrilmiş ideyalar da qaldı.

Suqovuşanda, Füzulidə, Cəbrayılda düşmənin müqaviməti qırıldı, ardınca Zəngilan və Qubadlı döyüşləri ilə Azərbaycanın cənub-qərbi işğaldan qurtarıldı. Laçın dəhlizinə çıxan Azərbaycan ordusu tarixi Şuşa əməliyyatı ilə Ermənistana ölümcül zərbəsini vurdu. Artıq Qarabağın incisinə sahib olan Azərbaycanın mütləq qələbəsinə heç kim şübhə etmirdi.

Nəhayət minlərlə hərbçisi məhv edildikdən, 30 il ərzində qurduğu istehkam, sədlər dağıdıldıqdan, Qarabağın ən strateji nöqtələrindən biri olan Şuşa azad edildikdən sonra İrəvanda kimlərsə qapıldıqları eyforiyadan ayıla bildi. 10 noyabr axşamı Ermənistan kapitulyasiya sənədinə imza atmağa məcbur oldu.

Ermənistan kapitulyant damğasını üzərinə götürərək məkrli əməllərinin cəzasını çəkdi

10 noyabr tarixində imzalanan üçtərəfli bəyanat 44 günlük müharibənin də sonu oldu. Ancaq bəyanatın imzalanması mərasimində iki tərəf – Azərbaycan və Rusiya iştirak etdi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev qalib dövlətin, ordunun adından sənədə imza atdı.

Ancaq kapitulyant həmin an gözə dəymədi. Çünki Ermənistan üçün rüsvayçı şəkildə məğlub olduğunu etiraf etmək, hətta Nikol Paşinyan kimi yüksək insani keyfiyyətləri ilə seçilməyən biri üçün də ağır gəldi. Həmin an Ermənistanda yaşanan dəhşətli “faciə” elə onların öz gözlərində ucaltdığı “mifləri” qədər “böyük” oldu. Ordumuz təcavüzkarı döyüş meydanında cəzalandırdı, tarix isə Ermənistan ordusunu darmadağın edilən “miflər”inin altında qoyaraq erməni cəmiyyətinə öz dərsini verdi.

Kapitulyasiya sənədinə imza atan Ermənistan üç rayonu bir güllə belə atılmadan Azərbaycana təhvil verdi. Hansı ki, sözügedən rayonlar strateji cəhətdən böyük önəmə sahib idi. Ağdamda Ermənistan ordusunun ən ağır müdafiə istehkamları yerləşdirilmiş, Kəlbəcər və Laçının coğrafi relyefi isə döyüş əməliyyatları zamanı təbii istehkam rolunu oynaya bilərdi. Ancaq elə 10 noyabr tarixli üçtərəfli bəyanatın Ermənistan üçün kapitulyasiya aktı mahiyyəti daşımasını da sübuta yetirən məhz bu məqamlardır. Ermənistan strateji baxımdan üstün müdafiə mövqelərinə sahib olduğu sözügedən əraziləri qaytarmaqla nə qədər çıxılmaz, aciz vəziyyətə düşdüyünü etiraf etdi. Bütün dünyaya bəyan etdi ki, Azərbaycan ordusunun sürətli irəliləyişi fonunda heç bir maneə dayana bilməz və əlində qalan “orducuq” da bu missiyanın qarşısında acizdir.

Döyüş meydanında qazanılmış qələbə 10 noyabr tarixində kağız üzərində öz təsdiqini tapdı. Ancaq döyüş meydanında qazanılmış qələbə ilə yanaşı, üçtərəfli bəyanat həm də siyasi müstəvidə Ermənistan üçün kapitulyasiya mahiyyətini ortaya qoydu.

Üç rayonun qaytarılması, Zəngəzur dəhlizinin açılmasına şərait yaranması Azərbaycanın qalib ölkə kimi məhz siyasi arenada qazandığı qələbə idi. Türk dünyasını birləşdirən Zəngəzur dəhlizinin açılması üçün real zəmin yaradılması fikrinin özü belə mahiyyətcə ermənilər üçün qəbuledilməz hesab olunduğu halda, 10 noyabr tarixli üçtərəfli bəyanatla artıq sözügedən dəhlizin hüquqi əsası da ortaya qoyuldu.

Azərbaycan döyüş meydanında öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, siyasi arenada isə regionda sülh və təhlükəsiz şəraitdə gələcəyin inşası üçün mühüm addımlar atdı. Bu addımlar Ermənistan kimi təcavüzkar ölkə tərəfindən qətiyyən qəbuledilməz olsa da, kapitulyant damğası İrəvanı bu şərtləri qəbul etməyə vadar etdi.

44 günlük müharibə təkcə erməni separatizmi, terroruna son qoymadı, həm də öz yekunları ilə böyük bir tarixi hadisəyə çevrildi. Yəqin ki, bu cür qələbənin dünya tarixində analoqu yoxdur desək, yanılmarıq. Çünki burada Azərbaycan həm haqq savaşı apararaq qalib çıxdı, həm də müharibənin nəticələrindən öz regionunda bütün dövlətlərin gələcək inkişaf və tərəqqi yolunun başlanğıcı kimi istifadə etdi. Kommunikasiyaların, nəqliyyat yollarının açılması kimi amillər hətta təcavüzkar Ermənistan üçün belə mənfur ideyalarından əl çəkəcəyi halda şansa çevrildi.

Ermənistan da kapitulyasiya ilə tarixdə öz yerini tutdu. Bu məğlubiyyət sadəcə bir dövlətin, ordunun məğlubiyyəti olmadı. Döyüş meydanında ordusu, siyasi arenada dövlətləri məğlub olsa da, həm də erməni xalqının şüurunda kök salan cəfəng miflər məğlub edildi, regionumuzda separatizm və terrorizm diz çökdürüldü, törədilmiş cinayətlər, əliqanlı qatillər cəzalandırıldı. Ermənistan dövləti 10 noyabrda kapitulyant damğasını üzərinə götürərək bütün məkrli əməllərinin cəzasını çəkdi.

Orxan Tağıyev