Baydenin reytinqi tarixi minimumu yenilədi

02:00 20-11-2021 382

Amerikalıların ancaq 36 faizi ABŞ prezidenti Co Baydenin fəaliyyətini bəyənir. Bu, yeni tarixi minimum sayılır.

Bu barədə Kvinnipeksk Universitetinin son sorğusundan məlum olub.

Bundan əvvəlki reytinq oktyabr ayında - respondentlərin 38%-i prezidentə dəstək verdiyini bildirəndə qeydə alınmışdı.

Respondentlərin 53%-i Baydenin fəaliyyətini bəyənmir (bir ay əvvəlkindən 1% çox).

Amerikalılar prezidentin işinin əsasən iqtisadiyyat, COVID-19 koronavirus pandemiyasına qarşı mübarizə, xarici siyasət və iqlim dəyişikliyi ilə mübarizədə çox zəif olduğunu düşünürlər

Respondentlərin yarısı (51%) prezidenti dürüst hesab etmədiklərini, 42 faizi isə əks fikirdə olduqlarını bildiriblər. 57% onun yaxşı liderlik keyfiyyətlərinin olmadığına inanır, 37% onlarla razılaşmır. 56% ABŞ-ın hazırkı administrasiyasının kifayət qədər səriştəli olmadığına əmindir, 40% isə bunun əksini düşünür.

Baydenin reytinqini cənub sərhədindəki miqrasiya böhranı, Əfqanıstandakı fiasko və iqtisadi vəziyyət sarsıdıb. Son sorğu göstərdi ki, ABŞ prezidentini daha çox siyasətdən mümkün qədər uzaq olan və özlərini demokratların, yaxud respublikaçıların tərəfdarı hesab etməyənlər tənqid edib.