87 yaşlı kişiyə ərə gedən qadın: “20 ildir məni sevirdi” - FOTO

18:00 23-11-2021 26

1 saylı Bakı DOST Mərkəzi tərəfindən evində səyyar sosial xidmət göstərilən ahıl vətəndaşlar ailə qurub.

DOST-dan verilən məlumata görə, 87 yaşlı vətəndaş Nadir Hüseynov bu gün 78 yaşlı Məsumə Dadaşova ilə nikaha daxil olub.

Moderator.az-a danışan cütlük bir-birilərini 20 ildir tanıdıqlarını bildiriblər.

“20 ildir məni sevirdi, bir yerdə işləyirdik, əvvəl razı olmurdum, axır yola gətirdi məni, razılıq verdim”, - deyə Məsumə Dadaşova vurğulayıb.

O, həmçinin qeyd edib ki, bu, onun ikinci evliliyidir:

“Necə yalan deyim ki, birinci evliliyimdir. Əvvəl bir dəfə evli olmuşam. Birinci həyat yoldaşım 20 ildən çoxdur vəfat edib. Bir qızım da vardı, o da vəfat edib. Bir oğlum, nəvələrim var”.

Qeyd edək ki, 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları bu şad günlərində vətəndaşların yanında olublar. Onları təbrik etməklə yanaşı, nikah münasibəti ilə hədiyyələr təqdim ediblər. Nikah 3 saylı ASAN Xidmət mərkəzində baş tutub.