Məktəbdə təhlükəli vəziyyət: Dam uçub, qar sinif otaqlarına yağır - VİDEO

18:00 10-01-2022 418

Quba rayonunun ucqar dağ kəndlərindən olan Güləzidə güclü külək fəsad törədib. 

Kənd məktəbinin damının bir hissəsi uçub. Nəticədə təhsil ocağının sinif otaqlarına ciddi ziyan dəyib. İki sinif otağı tamamilə yararsız vəziyyətə düşüb. Bu siniflərdə dərs keçən şagirdlər digər otaqlara köçürülüb. 

Maraqlısı budur ki, hadisə ötən ayın 20-də baş versə də, problem hələ də həll olunmayıb. Yağış və qar birbaşa sinif otaqlarına yağır. Otaqların tavanı ilə yanaşı, döşəmələr də sıradan çıxıb. Yaranan vəziyyət isə valideynlərin narazılığına səbəb olub. 

Məktəbin direktoru Qılman Zeynalov bildirib ki, yaranan fəsadla bağlı aidiyyəti üzrə məlumat verilib. Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev isə Baku TV-yə bildirib ki, məsələ ilə bağlı nazirliyə məktub ünvanlanıb və Rayon Təhsil Şöbəsinin Maliyyə Hesablaşma Mərkəzi əsaslı tikinti təşkilatı idarəsi ilə danışıqlar da aparıb. Çox güman ki, növbəti həftələrdə problem həllini tapacaq. 

Qeyd edək ki, Güləzi kənd tam orta məktəbi 2006-cı ildə tikilib. Ucqar dağ kəndində inşa olunan yeni təhsil ocağı 200 yerlik olsa da, hazırda məktəbdə 55 şagird təhsil alır.