Deportasiya siyasətinin fəsadları

13:40 28-03-2023 232

     Məlumdur ki, XX əsr Azərbaycan tarixinin ağrılı-acılı səhifələrindən, faciələrlə dolu dövrlərindən biri də, soydaşlarımızın dədə-baba torpaqları olan Qərbi Azərbaycandan kütləvi şəkildə zorakılıqla deportasiya olunmasıdır. Erməni millətçilərinin riyakar və məkrli siyasəti nəticəsində on minlərlə azərbaycanlı "könüllülük" pərdəsi altında acı göz yaşları axıda-axıda, yüzlərlə, minlərlə qurban verə-verə doğma yurdlarından zorla çıxarılmış, fəryad çəkə-çəkə sürgünə məruz qalmışdır.

     Erməni millətçilərinin şovinist siyasəti XIX-XX əsrlər boyu mərhələ-mərhələ davam etdirilmiş, deportasiyalar və soyqırımları nəticəsində minlərlə dinc azərbaycanlı amansız formada məhv edilmişdir. Ulu Öndər Heydər Əliyevin 1997-ci il dekabrın 18-də imzaladığı "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərmanda deyilir: "Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir".

     Azərbaycan torpaqlarına göz dikən erməni millətçiləri monoetnik və "Türksüz Ermənistan" uğrunda qərinələr boyu gizli, bəzən də leqal müharibələr aparmışlar. Onlar ən alçaq və rəzil mübarizə formalarından istifadə edərək "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək üçün saxta ideoloji tezislər formalaşdırmış, terrorçu təşkilatlar yaratmış, türk xalqlarına, azərbaycanlılara qarşı genişmiqyaslı qətllər, vəhşiliklər törətmişlər.

   Yerli olmayan bu hiyləgər insanlar çox böyük bir məkrlə Qafqazda özlərinə məskən salmış və tarixin müəyyən zamanlarında hissə-hissə torpaqlar ələ keçirərək qondarma Ermənistan dövləti yaratmışlar. Sonra isə, "Böyük Ermənistan" imperiyası yaratmaq üçün məkrli planlarını həyata keçirməyə çalışmışlar. XX yüzilliyin əvvəllərində Türkiyədə və İranda türk-müsəlman xalqlarını kütləvi şəkildə qıran, azərbaycanlıların soyqırımını təşkil edən erməni cəlladları həmin yerlərdə ciddi müqavimətə rast gəlmiş, istədiklərinə nail ola bilmədikləri üçün zərbənin ağırlıq istiqamətini Qafqaza yönəltmişdilər. Havadarlarının köməyindən bəhrələnən ermənilər 1918-ci il may ayının 28-də "Ermənistan respublikası" elan etdikləri zaman bu dövlətin paytaxtı belə yox idi və Azərbaycan Milli Şurası 1918-ci il may ayının 29-da keçirilən iclasında səs çoxluğu ilə İrəvan şəhərini Ermənistan respublikasının paytaxtı kimi tanımağı mümkün saymış, İrəvanı ermənilərə "bağışlamışdı". Qeyd etmək lazımdır ki, erməni millətçilərinin təbiətinə və xarakterlərinə yaxşı bələd olan bəzi Milli Şura üzvləri həmin iclasda bu qərara qəti etiraz etmişdilər. Məsələn, Bağır bəy Rzayev Milli Şurada təmsil olunmuş irəvanlılar adından demişdi: "Müstəqil Azərbaycan uğrunda çalışmaqla yanaşı, rica edirik bizi, erməni respublikası ərazisində qalanları da unutmayasınız". Tarix uzaqgörənliklə deyilənləri təsdiqlədi. Daşnaklar "paytaxtsız" erməni respublikası yarandığı gündən şirnikərək Azərbaycan torpaqlarını çox böyük bir iştahla ələ keçirməyi qarşılarına məqsəd qoymuşdular. Əhalinin böyük əksəriyyətini azərbaycanlıların təşkil etdiyi Lori-Pəmpək, Şörəyal, Zəngəzur qəzalarında və Göyçə mahalında kütləvi qırğınlar törədərək bu yerləri silahlı yolla ələ keçirməyə cəhd etmişdilər. Erməni silahlı birləşmələri ərazidə yaşayan azərbaycanlıları ucdantutma qırmışdılar. Törətdikləri vəhşiliklər nəticəsində 1918-1920-ci illərdə Ermənistanda yaşayan 575 min azərbaycanlının 565 mini öldürülmüş və ya öz yerlərindən qovulmuşdu.

Beləliklə, azərbaycanlıların Ermənistan SSR adlanan ərazisindəki dədə-baba torpaqlarından kütləvi şəkildə qovulması prosesinin növbəti mərhələsi başlandı. 1947-ci il dekabr ayının 23-də SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 saylı qərar verdi. Bu qərar Azərbaycan xalqı üçün gözlənilməz zərbə idi. Qərara "kolxozçu" sözünün əlavə edilməsi siyasi manevrdən başqa bir şey deyildi. 1948-ci il mart ayının 10-da SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" yeni qərarında göstərilirdi ki, bu, SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarına əlavədir. Hər iki qərarı Stalin imzalamışdı.

   Azərbaycanlıların Ermənistan SSR-dən köçürülməsindən əvvəl geniş antiazərbaycan təbliğatı aparılıb və müxtəlif şayiələr yayılıb, azərbaycanlılara qarşı 43 səciyyəvi fakt qeydə alınıb. Bu mənfur millət Azərbaycan torpaqlarını ələ keçirmək və bu yerlərdən azərbaycanlı əhalini evakuasiya etmək üçün müxtəlif hiylələrdən, güclü təbliğat kampaniyasından istifadə etmişdi. Tarixi faktlardan məlumdur ki, Rusiya imperatoru I Pyotrun Azərbaycana yürüşləri ərəfəsində ölkəmizin şimal bölgələrində onun imzaladığı manifest yayılmışdı. Rus qoşunlarının, qaniçən Sisianovun Gəncəyə hücumu ərəfəsində Gəncə əhalisi arasında təbliğat aparılmışdı. Təbliğat tədbirlərində ermənilər "fəallıq" göstərmiş, rusları öz himayədarları kimi dəfələrlə dəvət etmişlər. Hətta, ermənilər azərbaycanlıların kütləvi şəkildə köçürülməsi və xaricdəki ermənilərin boşalmış azərbaycanlı evlərində yerləşdirilməsi ilə kifayətlənməyərək onların Naxçıvanda da qalmamaları, gələcəkdə bu ərazinin Ermənistana birləşdirilməsi haqqında düşünürdülər.

  1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən kütləvi şəkildə deportasiyasına düzgün və obyektiv hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi. Ulu Öndərin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən, tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 18 dekabr 1997-ci il tarixli məlum fərmanı böyük elmi-siyasi və tarixi əhəmiyyətə malik bir sənəddir.

 

  Müşfiq Səfərov,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.