Yeni idarəetmə üsulu tətbiq edilməlidir

14:00 04-04-2023 273

      Məlumdur ki, bu gün, Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malikdir və etibarlı tərəfdaş imicini qazanıb. Həm Vətən müharibəsi, həm də, ondan sonrakı dövrdə Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzunun böyük müsbət nəticələri özünü göstərdi. Bunun nəticəsidir ki, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir. Azərbaycanın 44 günlük müharibədə qələbəsinin legitimliyinin dünyanın bütün geosiyasi qütbləri tərəfindən qəbul edilməsi, işğaldan azad etdiyimiz ərazilərimiz üzərində suveren hüquqlarımızın bərpasının beynəlxalq birlik tərəfindən tanınması, haqq işimizə əvvəlkindən daha çox dəstək verilməsi, istisnasız olaraq, ölkə Prezidenti, cənab İlham Əliyevin həm müharibə, həm də, postmüharibə dövründə həyata keçirdiyi siyasətin nəticəsidir.

           Bildiyimiz kimi, işğaldan azad edilmiş ərazilərdə  yeni idarəetmə üsulu - Prezidentin xüsusi nümayəndəsi  idarəetmə mexanizmi tətbiq edilir.  Bu yeni idarəetmə üsulu, ölkənin digər hissələrində də tətbiq edilə bilər və bunun gələcəkdə yeni idarəetmə modeli kimi ölkənin bütün digər hissələrində də tətbiq edilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev: “Bu, həm böyük quruculuq işləridir, həm də, yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir”. Bu fikirlər, təbii ki, ölkə Prezidenti, cənab İlham Əliyevin gözlənilən mükəmməl islahatlar barədə verdiyi anonsdur. Şübhəsiz ki, bu gün, yerlərdə icra hakimiyyətləri özünü doğrultmur, bu qurumlardan şikayətlər durmadan artır, onlar fəaliyətlərini günün tələbləri səviyyəsində qura bilmirlər. Məhz, bu səbəbdən gələcəkdə ölkənin bütün bölgələrində yeni idarəetmə üsuluna keçid gözlənilir. İcra hakimiyyəti institutunun ləğvi və yeni idarəetmə modelinin tətbiqi, xüsusən, bölgələrin inkişafını sürətləndirə, həm də, bələdiyyələrinin inkişafına töhfə verə bilər. Bu islahatlar bütün sahələri əhatə edir. Buna geniş spektrlı islahatlar deyirik. Təbii ki, onlardan vaciblərindən biri də həm mərkəzi, həm də, yerli icra hakimiyyətlərində gedən islahatlardır. Biz bunu mərkəzi icra hakimiyyətlərində, nazirliklərdə, komitələrdə rəhbər vəzifələrə gənclərin, daha aydın və keçmişi tamamilə saf olan, korrupsiyaya bulaşmayan insanların cəlb olunmasında görürük. Həmçinin, icra başçısı, müavin və digər vəzifələrə gənc kadrların təyin olunması dövlət başçımızın uğurlu daxili siyasətinin bir nümunəsi kimi qeyd edilməlidir. Sözsüz ki, bu islahatlar dayanmayıb. 2020-ci ildəki növbədənkənar Parlament seçkilərində nə qədər gənc simaların Milli Məclisə deputat seçilməsi islahatların həqiqətən də uğurlu olduğunu göstərir. Bu sistemin, əsasən də, yerli idarəetmədə çox uğurlu olacağını düşünürəm. Bu vəzifə çox yüksək səlahiyyətlərə malikdir. Hazırda şəhər və rayonlarda daha çox regional sistemlər qurulur. Yeni yaradılan sistemdə isə, digər məsələlər həllini tapmış olacaq. Həmin bölgəyə investisiyanın cəlb olunması,  orada müasir tipli infrastrukturun qurulmasında təkliflərin veriləcəyi və onun araşdırılacağı çevik bir aparat sistemi olacaq. Bunun çox faydalı və önəmli addım olacağını düşünürəm. Cənab Prezident islahatlarda ölkənin şəhər və rayonları ilə bağlı məsələlərə çox həssaslıqla, diqqətlə yanaşır. Hesab edirəm ki, bu yeni model bütün ölkədə tətbiq olunanda çox uğurlu nəticələr verəcək.

                Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə özünü təsdiq edib. Bu realllığı Azərbaycan xalqı görür və bəlkə də, bu son 30 ildə bu qədər qürurlu olmamışdı. Qəhrəman oğullarımız tərəfindən Vətən müharibəsi zamanı, 44 gün ərzində tariximizin Zəfər Salnaməsi yazıldı və Qarabağ erməni işğalçılarından azad edildi. Məhz, bu Böyük Qələbə, ölkə Prezidenti, cənab İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı olmasının bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev: “Sözümüzün qüvvəti, imzamız qədər olmalıdır və bu gün, bu belədir”.

     Bəli, bu gün, Azərbaycan imzası qədər, verdiyi sözündə də qətiyyətlidir. Azərbaycanın beynəlxalq aləmdə imzasının olması isə, təbii ki, möhtəşəmliyini sübut edir. Qürurverici haldır ki, Azərbaycan qalib ölkə kimi dünya dövlətləri tərəfindən qəbul edilməklə yanaşı, qonşu dövlətlərlə də monolit birliyə malikdir. Bu nailiyyətlər isə, öz növbəsində, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi, qətiyyəti və nəhayət, diplomatik siyasətinin reallığıdır...

 

 Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.