Bizim iqtisadiyyatımızın aparıcı qüvvəsi özəl sektordur, sahibkarlardır

14:27 26-04-2023 57

   Məlum olduğu kimi, 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Respublikasında demokratik dövlət quruculuğunun həyata keçirilməsi və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılması obyektiv zərurətə çevrildi. Belə ki, dünya ölkələrinin inkişaf təcrübəsinə əsasən istənilən cəmiyyətdə davamlı sosial-iqtisadi inkişafa və yeniləşməyə yalnız çoxmülkiyyətli iqtisadiyyat, azad rəqabət və liberal qiymətlər şəraitində nail olmaq mümkündür. İqtisadi transformasiya prosesi adətən təkamül yolu ilə baş verir və bir qayda olaraq iqtisadi münasibətlərin bütün səviyyələrini əhatə edir. Azərbaycanda bazar iqtisadiyyatına keçid dövrünü iki əsas mərhələyə ayırmaq olar: 1991-1994-cü illəri əhatə edən tənəzzül və 1995-ci ildən başlayaraq bərpa və dinamik inkişaf dövrləri. Birinci dövr üçün olduqca mürəkkəb siyasi və sosial-iqtisadi vəziyyət səciyyəvi idi. Belə ki, 90-cı illərin əvvəlində Sovet İttifaqının süqutu, müəssisələr arasında mövcud əlaqələrin pozulması, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatında xaosa gətirib çıxarmışdı. Yalnız Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında yenidən hakimiyyətə qayıtdıqdan sonra, ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması və icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə, Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Ölkə Prezidentinin 1999-cu ildə imzaladığı fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Hazırda beynəlxalq təşkilatlar tərəfindən Fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir. Azərbaycan Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünü tətbiq edən və namizəd statusuna malik 26 ölkədən tamhüquqlu üzv statusunu almış ilk və yeganə ölkədir. Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomativ rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

   1995-ci ildən başlayaraq aqrar sektorun bazar prinsipləri əsasında yenidən qurulması, sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın kəndlilərə paylanması kimi tədbirlər nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verdi, keyfiyyətcə fərqli münasibətlər formalaşdı. Aqrar sektorda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmini məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindi, onlara müddətli vergi tətillərinin verilməsinə başlandı. Bununla yanaşı, kənd təsərrüfatı məhsulu istehsalçıları torpaq vergisindən başqa bütün digər vergi ödəmələrindən azad edildilər. Ulu Öndər Heydər Əliyevin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı Azərbaycan kəndlisinin çoxəsrlik arzusunu reallaşdırdı, onları torpağın həqiqi sahibinə çevirdi. Bütün qeyd olunan tədbirlərin həyata keçirilməsi nəticəsində aqrar bölmədə özəl sektorun xüsusi çəkisi bu gün demək olar ki, 100%-ə çatmışdır. Bununla yanaşı, dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və müvafiq dövlət proqramları təsdiq olundu. Özəlləşdirmənin başlıca məqsədlərini, dövlət proqramlarında təsbit olunduğu kimi, təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması, iqtisadiyyatın strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması, iqtisadiyyata investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi, əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması təşkil etmişdir. Keçid mərhələsində həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də infrastrukturun inkişaf etdirilməsi olmuşdur. Azərbaycanın nəqliyyat sisteminin gücləndirilməsi və ölkənin tranzit imkanlarından səmərəli istifadə edilməsi üçün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsinə başlanıldı. Eyni zamanda, ölkədə sahibkarlığın inkişafı üçün zəruri tədbirlər görüldü. Sosial sahədə mövcud problemlərin kompleks şəkildə həlli məqsədilə əhaliyə göstərilən xidmətlərin, xüsusilə təhsil, səhiyyə xidmətlərinin, həcminin, keyfiyyətinin və ünvanlılığının artırılması istiqamətində köklü islahatlara başlandı. Qeyd olunanlarla bərabər, Azərbaycanın dünya iqtisadi sistemində layiqli yer tutması, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb olunması məqsədilə investisiyaların qorunması üçün qanunvericilik bazası formalaşdırılmış, 40-a yaxın ölkə ilə ikitərəfli sazişlər imzalanmış, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq münasibətləri qurulmuşdur. 1995-ci ildən Azərbaycanda keçid dövrünün yeni mərhələsi – bərpa və dinamik inkişaf dövrü başlandı. Kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələri inkişaf etdirilmiş, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşdırılmışdır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağlarının, mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də, dövlət büdcəsinin vəsaiti hesabına buğda istehsalının stimullaşdırılması məqsədilə yardım verilməsi, toxumçuluq, damazlıq işləri üzrə müəyyən işlərin görülməsi, aqroservis xidmətlərindən güzəştli qiymətlərlə istifadə, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştli kreditlər kənd təsərrüfatı istehsalı sahəsində ilbəil dinamik inkişafın əldə edilməsini təmin edən amillərdən olmuşdur. Aqrar sektorda emalçılar ilə istehsalçılar arasında kooperasiya münasibətlərinin möhkəmləndirilməsi, fermerlərin dövlətin dəstək mexanizmlərindən daha səmərəli istifadə etməsi məqsədilə regionlarda 50 başlıq südlük cins iribuynuzlu təsərrüfatların yaradılmasına başlanılmışdır. Yerli istehsal sahələrinin yenidən qurulması və uğurla həyata keçirilən aqrar islahatların aparılması bir sıra yerli qida məhsullarının istehsalının artmasına, ölkəmizə idxalının azalmasına səbəb olmuşdur. Yerli məhsullar daxili bazarımızı zənginləşdirmiş, əsas qida məhsullarına idxaldan asılılığımızı azaltmışdır. Ölkənin sahibkarlıq sektorunun inkişafı göstəricilərinin dinamikası həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələrinin əyani təsdiqidir. Ötən müddət ərzində ölkənin müxtəlif bögələrində müntəzəm olaraq təşkil edilmiş biznes forumlar yerli və müxtəlif ölkələrdən olan iş adamları, sahibkarlar arasında maarifləndirmə işinin təşkilinə, onların məlumat əldə etmə imkanlarının genişləndirilməsinə, ölkə regionlarının mövcud təbii, əmək resurslarından səmərəli istifadə edilməsi, habelə, xarici investisiyaların cəlb edilməsi prosesinin dəstəklənməsinə müsbət təsir göstərmişdir. Ölkənin regionlarında mövcud olan iqtisadi potensialdan tam, səmərəli istifadə olunmasını, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını, iqtisadiyyatın tarazlı inkişafını təmin etmək məqsədilə uğurla icra olunan dövlət proqramları ölkə başçısının regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsi olmaqla, regionların kompleks inkişafına, o cümlədən, infrastruktur sahələrinin bərpası, genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, yeni iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə səbəb olmuşdur.

    Bildiyimiz kimi, sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq, bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindəndir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır. Vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması məqsədilə fərdi sahibkarlara tətbiq edilən gəlir vergisi 35 faizdən 20 faizə, müəssisələrin mənfəət vergisi 22 faizdən 20 faizə, fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endirilmiş, sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədləri üçün hüquqi şəxslərin vergi tutulan əməliyyatlarının illik həcmi 90 min manatdan 150 min manatadək artırılmış, ƏDV və aksizlər üzrə elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılmışdır. Sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların, nəqliyyat vasitələrinin yoxlanılması “bir pəncərə” prinsipinə uyğun təşkil edilmişdir. Özəl sektorun inkişafının sürətləndirilməsi, bu sahəyə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə dövlət vəsaitləri hesabına sahibkarların investisiya layihələrinin gözəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizmi formalaşdırılmışdır. 2015-ci ildə 5230-dan çox sahibkara 248,5 milyon manat güzəştli kredit verilmişdir. 2004-2015-ci illər ərzində ölkəmizdə 71 mindən çox müəssisə fəaliyyətə başlayıb. Bunun nəticəsində 1,5 milyon vətəndaş işləmək imkanı qazanmışdır. İnvestisiyaların cəlb edilməsi sahəsində dövlət tərəfindən aparılan məqsədyönlü tədbirlər çərçivəsində Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti genişləndirilmiş, qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunması və ixracın təşviqi məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) yaradılmışdır. AZPROMO tərəfindən rabitə və informasiya texnologiyaları, maliyyə, kənd təsərrüfatı, tikinti, mebel istehsalı, nəqliyyat, səhiyyə kimi sektorlar üzrə Azərbaycanda və xaricdə biznes forumlar təşkil edilmişdir. Sahibkarlığın inkişafında əhəmiyyətli dövlət dəstəyi mexanizmi olan xüsusi iqtisadi zonaların yaradılmasının qanunvericilik bazası formalaşdırılmışdır. Eyni zamanda, ölkənin iqtisadi təhlükəsizliyini təmin edə biləcək valyuta ehtiyatları formalaşdırılmışdır. Formalaşdırılmış və beynəlxalq standartlara cavab verən qanunvericilik bazası sürətli iqtisadi inkişafı dəstəkləmiş, konkret proqramlar vasitəsilə əsas sosial-iqtisadi inkişaf məqsədlərinə nail olunmuşdur. Ümumilikdə, müxtəlif sahələr üzrə 100-dən çox konsepsiya, dövlət proqramı və digər irimiqyaslı sənədlər qəbul edilmişdir.

 Müşfiq Səfərov,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.